"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan xanlarının iqamətgahı – Xan sarayı

Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan  çoxəsrlik tarixə malik tarixi abidələri, xalqımızın böyük qüdrətini və ulu keçmişini parlaq şəkildə əks etdirən nümunələrlə zəngindir. Xan sarayı da belə abidələrdən biridir. 

Bu qədim mədəniyyət incisi Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb. Həmin mədəniyyət müəssisəsini ziyarət zamanı muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova ilə həmsöhbət olduq. Öyrəndik ki, əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulan Naxçıvan xanlığı milli dövlətçilik tariximizdə mühüm yer tutub. 1828-ci il fevral ayının 10-da Rusiya-İran müharibəsinin yekunlarına əsasən imzalanmış Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycanın digər xanlıqları kimi Naxçıvan xanlığının da mövcudluğuna son qoyulub. Həmin il martın 21-də Naxçıvan və İrəvan xanlıqları ləğv edilərək Rusiyanın tərkibinə qatılıb. Nəzakət xanımın sözlərinə görə, həmin hadisədən sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib, 1918-1920-ci illərdə isə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülüb. Xan sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, bu günümüzədək qorunub saxlanılıb, əsaslı şəkildə təmir olunaraq binanın daxili və fasadı milli ornamentlərlə bəzədilib, həyətdə abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Bu iqamətgah Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan bu saray üç mərtəbədən ibarətdir və hazırda muzey kimi fəaliyyət göstərir. Bu tarix-mədəniyyət abidəsi şəhərin Qədim Qala məhəlləsində, Möminə xatın türbəsinin yaxınlığında yerləşir. 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi kimi fəaliyyətə başlayan binada 2010-cu ildən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. Muzeyin 9 ekspozisiya zalı var. Burada 2000-ə yaxın eksponat yerləşdirilib ki, onlardan 236-sı muzeydə nümayiş etdirilir. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi mövcuddur. Birinci mərtəbədə iş otaqları, fond, təsərrüfat otağı və digər yardımçı sahələr, ikinci mərtəbədə 8, üçüncü mərtəbədə isə 1 sərgi-ekspozisiya salonu fəaliyyət göstərir. 

Muzeyin giriş salonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında 2010-cu il 23 oktyabr tarixli ­Sərəncamının mətni, Naxçıvan xanlığının xəritəsi və 2 ədəd unikal eksponat, orta əsrlərə aid göy kaşıdan olan dekorativ fayans boşqab və dekorativ mis şamdan yer alıb.

Muzeyin ikinci, əsasən, mənbələrin toplandığı salonunda 40 ədəd eksponat şüşə qapaqlı 5 vitrin və 16 divar taxçası vasitəsilə nümayiş etdirilir. Naxçıvan xanlığı haqqında yazılı annotasiya, Kəngərli nəslinin gerbi və Kəngərli süvari dəstəsinin fəxri bayrağının rəngli fotosurətləri, Naxçıvan xanlarının nəsil şəcərəsini və vəkil (sultan) qolunu əks etdirən sxem-tablo, xanlığın müdafiəsində əsas rol oynayan Abbasabad qalasının sxemi və Naxçıvanın Qaraçuq kəndində Kəngərli bəylərinə məxsus mülklərin 1889-cu ildə II Nikolayın möhürü ilə təsdiq edilmiş xəritəsi, həmçinin xan nəslinin məşhur generallarından II Kalbalı xan, Hüseyn xan, Cəmşid xan Naxçıvanskilərin fotoları və onlar haqqında arxiv sənədlərinin surətləri, yazılı məlumatlar, Araz-Türk Cümhuriyyətinin rəhbərlərindən olan Bəhram xan və Cəfərqulu xan Naxçıvanskilərə, eləcə də xan nəslinin digər məşhur hərbçi və dövrün tanınmış şəxslərindən Kərim Sultan, Əşrəf ağa Kəngərli, Xaqan xan, Kamran xan, Rəhim xan Naxçıvanskilərə, Hüseyn xanın oğlu Nikolay Naxçıvanskiyə aid fotomənbələr, yazılı məlumatlar salonda öz əksini tapıb. 

Burada həm də Naxçıvan xanlığının və Kəngərli nəslinin tarixi ilə bağlı mühüm kitablar, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə nəşr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, tarixçi-alim Musa Quliyevin “Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri”, Fuad və Mirabdulla Əliyevlərin “Naxçıvan xanlığı”, İlqar Kəngərlinin “Kəngərli elinin soy kitabı”, Fərhad Nağdəliyevin “Naxçıvan xanlığı Rusiya imperiyası tərkibində” (rus dilində), məşhur Qafqazşünas alim R.N.İvanovun “Əlahəzrətin general-adyutantı” və “Murad xan haqqında həqiqətlər” elmi-tədqiqat kitabları da nümayiş etdirilir.

Muzeyin üçüncü salonunda yer alan 50 ədəd eksponat isə 8 vitrin və 22 divar taxçası vasitəsilə mühafizə edilir. Salondakı eksponatlar məşhur Kəngərli generallarından olan Ehsan xan, I Kalbalı xan, II Kalbalı xan, İsmayıl xan, tam süvari generalı Hüseyn xan Naxçıvanskilər, general-mayor Cəmşid xan Naxçıvanski ilə əlaqədar yazılı məlumatlar, arxiv sənədləri, nadir fotomənbələrdən ibarətdir. Salonda general Maqsud Əlixanov, Əmirsuvar bəy Kəngərli, Əşrəf ağa Kəngərli, Əkbər xan Naxçıvanski ilə bağlı müxtəlifməzmunlu eksponatlar, həmçinin Kəngərli nəslinin tanınmış qadın nümayəndələrindən Heyran xanım, Xurşid Qacar, Qönçəbəyim, Xanbikə xanım, Zərrintac bəyim haqqında foto və yazılı məlumatlar öz əksini tapıb. 

Salonda nümayiş etdirilən mənbələr sırasında Rudolf İvanovun “Sovet İttifaqı adından”, “Kalbalı xan Naxçıvanski: dövrü və irsi” elmi-tədqiqat kitabları da xüsusi maraq doğurur.

Muzeyin digər salonlarındakı eksponatlar da diqqətçəkəndir. Xüsusilə aynalı salondan başlayaraq divar taxçalarında nümayiş etdirilən zərgərlik, unikal misgərlik və dekorativ-tətbiqi sənət nümunələri, rəssamlıq əsərləri muzeyə gələnlərdə xoş təəssürat yaradır. Muzeydə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin, həmçinin Şamil Qazıyevin, Rəfail Qədimovun və başqa rəssamların əsərləri diqqəti cəlb edir. 

Nəzakət Əsədova onu da bildirdi ki, “Xan Sarayı” Dövlət Tarix-­Memarlıq Muzeyinin yeni maraqlı eksponatlarla, eləcə də arxiv sənədləri ilə zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Xanlığın o dövrdə əlaqədə olduğu dövlətlərin, o cümlədən Rusiya arxivlərindən əldə edilməsi mümkün olan sənədlərin surətləri gətirilərək muzeyin fonduna daxil edilir.

 Gülcamal TAHİROVA

"Şərq qapısı" qəzeti

00824169
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
208
349
1015
5070
824169

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: